SİYASƏT
Soltan Məmmədov: Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir
Bakı, 5 iyul, AZƏRTAC
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə davamlı inkişafını təmin etməklə yanaşı, regional sülhə və təhlükəsizliyə çox mühüm töhfələr verəcək. Bəyannamənin imzalanması bölgədə vəziyyəti yenidən gərginləşdirmək arzusunda olan qüvvələrə ciddi mesajdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
O qeyd edib ki, Vətən müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar fonunda Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsi Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlandığını göstərir. Bu mərhələdə qarşıda duran əsas məsələlərdən biri əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsidir.
Milli Məclisin deputatı bildirib ki, Ermənistanın bugünkü sosial-iqtisadi durumu, beynəlxalq münasibətlər sistemində üzləşdiyi uğursuzluqlar, cəmiyyətdə müşahidə olunan mənəvi-psixoloji gərginlik bu ölkənin gələcəyi ilə bağlı çoxsaylı suallar doğurub. “Reallıq ondan ibarətdir ki, Ermənistanda əhalinin miqrasiyası çox sürətlə davam etməkdədir. Müharibədən sonrakı dövrdə, daha dəqiq desək, 2021-ci ilin ilk 5 ayında Ermənistanı tərk edənlərin sayı ilə ölkəyə gələnlərin sayından 80 min nəfər çox olub və bu prosesin davam edəcəyi gözlənilir. İqtisadi perspektivlər haqqında optimist düşünməyə əsas verən heç bir ciddi amil mövcud deyil. Ordunun müharibədən sonrakı vəziyyəti məlumdur. Cəmiyyətdə ideoloji parçalanmalar dərinləşir. Ən əsas məsələ isə cəmiyyətlə dövlət arasında etimadın ən aşağı səviyyədə olmasıdır. Bu, Ermənistanda 30 illik işğalın yaratdığı ən ciddi problemdir”, - deyə deputat qeyd edib.
Soltan Məmmədov Ermənistanın yeganə çıxış yolunun qonşuları ilə normal münasibətlər qurmaq olduğunu bildirib. Vurğulayıb ki, Şuşa Bəyannaməsi mahiyyət etibarilə həm də Cənubi Qafqazda davamlı sülhün təminatçısı rolunu oynayır. Deputat hesab edir ki, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin yeganə yolu bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından keçir. “30 ilin təcrübəsi göstərdi ki, heç bir amil Azərbaycanın iqtisadi inkişafının qarşısını ala bilmədi. Nə Ermənistanın işğalı, nə bəzi siyasi dairələrin təzyiqləri Azərbaycanın həyata keçirdiyi iqtisadi inkişaf strategiyasını dayandırmadı. Ən çətin şərtlərdə ölkəmiz iqtisadi, hərbi gücünü artırmağa, beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməyə nail oldu. Torpaqlarını işğaldan azad etdi. Bu baxımdan, kommunikasiyaların açılması daha çox Ermənistan üçün faydalıdır. Bu, Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxmağa imkan yarada biləcək yeganə mümkün variantdır. Ona görə də Ermənistanda revanşist çağırışlarla çıxış edənlər daha çox öz dövlətlərinə zərbə vururlar”, - deyə S.Məmmədov bildirib.
Deputat Şuşa Bəyannaməsinin Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaratdığını qeyd edib. Bildirib ki, bu gün Ermənistanda Qarabağdan olan ermənilərə münasibət heç də birmənalı deyil, bu isə erməni cəmiyyətində daxili parçalanma meyillərini artırır. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri, cəlb olunacaq investisiyalar qısa müddətdə bu bölgənin sürətli inkişafını təmin edəcək. Bu isə nəticə etibarilə işğalın nəinki bölgədə yaşayan xalqların maraqlarına, həm də hər iki ölkənin mənafelərinə nə qədər böyük zərbə vurduğunu daha aydın dərk etməyə imkan yaradacaq.