SİYASƏT
Soltan Məmmədov: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda davam edən islahatların tərkib hissəsidir
Bakı, 9 sentyabr, AZƏRTAC
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması və ictimai müzakirəyə təqdim edilməsi Azərbaycanda davam edən islahatların və qanunvericiliyin təkmilləşdirilməsi prosesinin tərkib hissəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin üzvü Soltan Məmmədov deyib.
Deputat qeyd edib ki, təqdim olunan yeni layihənin əsas məqsədi cəmiyyətin daha da demokratikləşməsinə, siyasi münasibətlər sistemin təkmilləşməsinə, siyasi partiyaların daha səmərəli fəaliyyətinə şərait yaratmaqdır.
Bu sahədə hazırda qüvvədə olan Qanunun 30 il əvvəl qəbul edildiyini xatırladan Soltan Məmmədov vurğulayıb ki, bu müddət ərazində ölkənin ictimai-siyasi həyatında çox ciddi yeniliklər baş verib, dövlət-cəmiyyət münasibətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə dəyişib. Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi, qanunvericilik sahəsində də ardıcıl islahatlar aparılır. Bu baxımdan, siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunun müasir dövrün çağırışlarına uyğunlaşdırılması zəruridir. İctimai dinləmələrin təşkili isə onu göstərir ki, Azərbaycan dövləti cəmiyyətin maraq və mənafelərini ifadə edən mükəmməl bir qanunun qəbul olunmasında maraqlıdır.
S.Məmmədov bildirib ki, yeni qanun layihəsi siyasi partiyaların cəmiyyətdə nüfuzunun artmasına, ictimai-siyasi proseslərə təsir imkanlarının da genişlənməsinə stimul verəcək. “Layihədə siyasi partiyalara hüquqi aktlarda dəyişikliklər edilməsi, onların qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı məsələ qaldırmaq hüququnun verilməsi partiyalara cəmiyyət və dövlət üçün vacib məsələlərdə daha yaxından iştirak etmək imkanı yaradacaq. Düşünürəm ki, ictimai müzakirələr zamanı irəli sürülən təkliflər və qeydlər layihənin daha da təkmilləşdirilməsinə xidmət edəcək. Bu, olduqca vacib məsələlərdən biridir. Çünki siyasi partiyalar siyasi sistemin əsas elementlərindən biri kimi, ictimai-siyasi proseslərin fəal iştirakçısı missiyasını yerinə yetirən, bu prosesə təsir edə, yön verə bilən güclü və ciddi bir təsisat olaraq qəbul edilir”, - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, layihənin hazırlanması prosesində 39 partiyanın iştirakı, həmçinin beynəlxalq təcrübənin nəzərə alınması, ictimai dinləmələrin planlaşdırılması daha təkmil və cəmiyyətin bütün təbəqələrinin maraqlarına cavab verən qanun layihəsinin qəbul olunması məqsədinə xidmət edir. Soltan Məmmədov ictimai müzakirələrin gedişində ortaya çıxan, dövlətin və cəmiyyətin mənafelərinə cavab verən bütün faydalı ideya və təkliflərin nəzərə alınacağına əmin olduğunu bildirib.