SON 70 İLDƏ İLK DƏFƏ
Berlin, 8 iyun (AZƏRTAC). Almaniyada son 70 ildə ilk dəfə olaraq, iki ortodoksal ravvin ad almışdır. 25 yaşlı Ukrayna yəhudisi Avraam Radbil və 28 yaşlı Macarıstan yəhudisi Jolt Balla Münhendəki yeni sinaqoqda diplom almışlar. Mərasimdə Almaniyanın yüksək vəzifəli siyasətçiləri və yəhudi liderləri iştirak etmişlər. Ravvinlər Berlindəki ravvin seminariyasında 2005-ci ildə açılmış kurslarda təhsil almışlar. Onlara Leypsiqə və Kölnə təyinat verilmişdir.
Almaniya yəhudilərinin Mərkəzi Şurasının sədri Şarlotta Knoblox bu hadisəni “kiçik möcuzə adlandıraraq demişdir ki, bir neçə il bundan əvvəl buna inanmaq çətin olardı”.
Şarlotta Knoblox demişdir ki, “ravvinsiz yəhudi həyatını təsəvvür etmək mümkün deyil. Almaniyada amansız nasis idarəçiliyi bu ənənəni məhv etmişdi. Biz alman ortodoksal yəhudiliyi üçün ən mühüm məktəbi və ənənələri bərpa edirik. İnanırıq ki, burada yəhudi dininin gələcəyi vardır. Xatırladaq ki, nasislər Almaniyada - Berlində fəaliyyət göstərən sonuncu yəhudi seminariyasını 1942-ci ildə bağlamışdılar”.
2006-cı ildə Drezdendə 3 liberal ravvin ali dini təhsil almışdır. Buna qədər Almaniyada xidmət edən ravvinlərin əksəriyyəti xarici ölkələrdə təhsil alırdılar. AFR hökuməti Xolokost faciəsinin yaralarını sağaltmağa çalışaraq, ravvin seminariyalarına vəsait ayırmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin