MƏDƏNİYYƏT
Son bir ildə Dövlət Yuğ Teatrında beş yeni tamaşa hazırlanmışdır
Bakı, 3 aprel (AZƏRTAC). Dövlət Yuğ Teatrında son bir il ərzində beş yeni tamaşa hazırlanmışdır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunlar “Məsəl, ya əməl” (Ü.Hacıbəyli və C.Məmmədquluzadənin felyetonları əsasında, quruluşçu rejissor Vidadi Həsənov), “Sur” (Cəbran Xəlil Cəbranın şeirləri əsasında, quruluşçu rejissor Vidadi Həsənov), “Kölgə” (Y.Onilin “Qarağaclar altında məhəbbət” əsəri əsasında), “İki yarım” (Qor Qlenskinin eyniadlı əsəri əsasında, quruluşçu rejissor Tərlan Əngin) və “Tabu” (X.L.Borxesin “Bədəməl qadın” əsəri əsasında, quruluşçu rejissor Ruslan Şöhrətoğlu) tamaşalarıdır.
Bu tamaşaların hər birində əsl yaradıcılıq, peşəkarlıq özünü göstərdiyindən böyük tamaşaçı sevgisi qazanmışdır.
Bu gün teatrın repertuarında həm klassik və müasir Azərbaycan, həm də dünya dramaturgiyasının nümunələri əsasında hazırlanan tamaşalar vardır. Hazırda paralel olaraq iki tamaşanın məşqləri gedir. Bunlar Rünöske Akutaqavanın əsəri əsasında hazırlanan “Koan” və M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunan “Naməlum Axundzadə” tamaşalarıdır. Bu səhnə əsərləri də yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaqdır.