Son dörd ildə Ağsu rayonundan ali məktəblərə qəbul olunanların sayı üç dəfə artmışdır
Ağsu, 11 sentyabr (AZƏRTAC). Ağsuda tələbə adını qazanmış gənclərlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov və başqaları gəncləri təbrik etmiş, onlara tövsiyələrini vermişlər.
Görüşdə son illərdə respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışılmışdır. Bildirilmişdir ki, son on ildə rayonda 18 yeni tədris ocağı qapılarını müəllim və şagirdlərin üzünə açmışdır. Onlardan 9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib istifadəyə verilmişdir.
Vurğulanmışdır ki, uğurlu təhsil islahatları, bu sahəyə göstərilən diqqət respublikamızın hər yerində olduğu kimi, Ağsuda da öz müsbət nəticəsini verir. Son 4 ildə ali məktəblərə qəbul olunanların sayı 3 dəfə artmışdır. Cari ildə ali məktəblərə qəbul üçün sənəd vermiş 235 abituriyentdən 88-i tələbə adini qazanmışdır. Qəbul olunanlardan 2 nəfəri 600-dən, 6 nəfəri 500-dən, 9 nəfəri isə 400-dən yuxarı bal toplamışdır.
Görüşdə yüksək bal toplayan tələbələrə pul mükafatları verilmişdir. Həmçinin ali məktəblərə daha çox məzunun qəbul olunduğu Ağsu şəhərindəki 1 və 5 nömrəli, Qaraqoyunlu kənd tam orta məktəblərinin ibtidai sinif müəllimlərinə rayon təhsil şöbəsinin fəxri fərmanları təqdim edilmişdir.