SON MƏNZİLƏ
Müharibə və əmək veteranları, ziyalılar, gənclər mərhuma son borclarını vermək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinə gəlirdilər. Burada mərhumla vidalaşma mərasimi keçirilirdi.
Məlik Məhərrəmovun cənazəsi matəmsayağı bəzədilmiş səhnədə hündür postament üzərində qoyulmuşdu. Ön tərəfdə şanlı döyüş yolu keçmiş vətən oğlunun təltif edildiyi orden və medallar düzülmüşdü. Cənazənin ətrafına Azərbaycan Respublikası Prezidenti, Müdafiə Nazirliyi, digər dövlət və hökumət qurumları, BDU adından əklillər qoyulmuşdu. Səhnədə Məlik Məhərrəmovun portreti asılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri cənazənin yanında fəxri qarovulda durmuşdular, matəm musiqisi səslənir, mərhumun ruhuna dua oxunurdu.
Milli Məclisin sədri Murtuz Ələsgərov, müdafiə naziri Səfər Əbiyev, Baş Qərargahın rəisi Nəcməddin Sadıqov, təhsil naziri Misir Mərdanov mərhumun cənazəsinin yanında fəxri qarovulda dayandılar. Parlamentin sədri mərhumun ailə üzvlərinə səmimi başsağlığı verdi.
Matəm mərasimində müdafiə nazirinin müavini general-mayor Çingiz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, dövlət və hökumət nümayəndələrinin imzaladığı nekroloqu oxudu.
Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçmiş, 1943-cü ildə Dnepr çayının keçilməsində göstərdiyi hərbi məharətə görə özü və komandiri olduğu rotanın 17 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O, alman faşizminə qarşı mübarizədə xalqımızın başını uca edən, Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazan qəhrəman oğullarımızdan biri idi. Məlik Məhərrəmov ömrünün sonuna kimi ölkəmizdə hərbi vətənpərvərliyin təbliği sahəsində çalışmış, gənclərin orduya hazırlanmasında, silahlı qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş qabiliyyətinin yüksəldilməsində səylərini əsirgəməmişdir. Ölkəmizin müxtəlif bölgələrində ön xətdə hərbçilərlə keçirdiyi görüşlər gənc döyüşçülərin yaddaşına həmişəlik həkk olunmuşdur.
Məlik Məhərrəmovun Vətənə məhəbbət, xalqa xidmət, əsl qəhrəmanlıq nümunəsi olan şərəfli ömür yolu gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün bir məktəbdir. Azərbaycan xalqı öz qəhrəman oğlunun xatirəsini həmişə əziz tutacaqdır.
Vidalaşma mərasimi bağlı elan edildi. Qəhrəmanın ailə üzvləri, qohumları, yaxın adamları mərhumla vidalaşdılar. Cənazə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evindən götürüldü, matəm dəstəsi Fəxri xiyabana üz tutdu.
Cənazə doğma torpağa tapşırıldı. Mərhumun ruhuna dua oxundu.
İkinci Dünya müharibəsinin qəhrəmanı Məlik Məhərrəmovun son mənzilə yola salınması münasibətilə yaylım atəşi açıldı. Hərbi orkestr Azərbaycanın dövlət himnini ifa etdi.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!