SON MƏNZİLƏ
Azərbaycan milli teatr sənətinin qocaman nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Muxtar Həsən oğlu Avşarov dekabrın 7-də son mənzilə yola salınmışdır.
Mərhumun cənazəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin qarşısına tanınmış səhnə ustasının yaradıcılığı dövründə aldığı orden və medallar, ətrafına isə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Bələdiyyə Teatrı adından əklillər düzülmüşdü.
Muxtar Avşarovun həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət, elm xadimləri, mərhumun sənətinin pərəstişkarları teatrın binasına gələrək ona son borclarını verirdilər.
Salonda həzin matəm musiqisi səslənirdi. Mədəniyyət və incəsənət xadimləri cənazənin yanında fəxri qarovulda dayanırdılar.
Matəm mitinqini mədəniyyət nazirinin müavini Ədalət Vəliyev açaraq, Muxtar Avşarovun həyat və yaradıcılığından, ölkəmizdə teatr və kinonun inkişafında xidmətlərindən, 70 ilə yaxın səhnə həyatı dövründə Gəncə teatrında, Milli Dram Teatrında, Bakı Bələdiyyə Teatrında yaratdığı parlaq və dolğun obrazlarla teatr sənətimizi zənginləşdirməsindən söhbət açdı.
Xalq artistləri - Milli Məclisin deputatı Amalya Pənahova, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Akademik Milli Dram Teatrının direktoru Əlabbas Qədirov, Rafiq Əzimov, habelə Azərbaycan Mədəniyyət Fondu idarə heyəti sədrinin müavini Rafiq Kaşanlı mərhum sənətkara Allah-Təaladan rəhmət diləyərək bildirdilər ki, Muxtar Avşarov Azərbaycan milli teatr sənətimizin zəngin ənənələrini layiqincə davam etdirərək, tamaşaçıların dərin rəğbətini qazanmışdır.
Matəm mərasimində çıxış edənlər Muxtar Avşarovun yüksək insani keyfiyyətlərindən, kino aktyoru kimi fəaliyyətindən də danışdılar. Bildirildi ki, bədii filmlərdə yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının bir hissəsini təşkil edərək, fitri istedadını və sənətkarlıq bacarığını bariz şəkildə göstərmişdir. Var qüvvəsini milli teatr və kino sənətimizin tərəqqisinə sərf etmiş aktyorumuzun xidmətləri həmişə yüksək qiymətləndirilmiş, o cümlədən müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq görülmüşdür.
Mərhumun oğlu Rza Avşarov teatr və kino sənətinin inkişafında atasının xidmətlərinə verilən yüksək qiymətə və xatirəsinə göstərilən ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə, habelə matəm mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirdi.
Xalq artisti Muxtar Avşarovun cənazəsi teatrın binasından qaldırılaraq qəbiristanlığa aparıldı. Burada mərhumun ruhuna dua oxundu, o, doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!