CƏMİYYƏT
SON MƏNZİLƏ
Yanvarın 19-da respublikamızın ictimaiyyəti görkəmli musiqi xadimi, Bakı Musiqi Akademiyasının professoru, SSRİ Dövlət mükafatları laureatları, əməkdar incəsənət xadimi, xalq artisti Əhməd Cövdət İsmayıl oğlu Hacıyevi son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Bakı Musiqi Akademiyasının matəmsayağı bəzədilmiş salonunun səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından, respublikanın hökumət təşkilatlarının, yaradıcılıq ittifaqlarının və musiqi ocaqlarının adından əklillər düzülmüşdü.
Cövdət Hacıyevin həmkarları, iş yoldaşları, dostları, tələbələri onunla vidalaşmaq üçün Musiqi Akademiyasının binasına gəlir, mərhuma son borclarını verirdilər.
Salonda həzin matəm musiqisi səslənirdi. Mədəniyyət, incəsənət, ədəbiyyat, elm xadimləri, respublika ictimaiyyətinin nümayəndələri, mərhumun sənətinin pərəstişkarları cənazənin yanında fəxri qarovulda dayandılar, görkəmli bəstəkara öz ehtiramlarını bildirdilər.
Matəm mərasimini mədəniyyət naziri Polad Bülbüloğlu açdı. Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, musiqişünas Elmira Abbasova, professor, xalq artisti Azər Rzayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, Milli Məclisin deputatı Anar matəm mitinqində çıxış etdilər.
Natiqlər dedilər ki, öz fitri istedadı, zəngin təcrübəsi sahəsində milli, dünya musiqi ənənələrini novatorcasına inkişaf etdirən Cövdət Hacıyevin adı Azərbaycan musiqi tarixinə milli simfonizmin banilərindən biri kimi daxil olmuş, sənətkarın yaradıcılığı vətəndaşlıq qayəsi, demokratizmi, dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Haceyev ölkəmizdə peşəkar musiqi kadrlarının hazırlanmasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq idi.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Bəstəkarın oğlu Mikayıl Hacıyev çıxış edərək, atasının yaradıcılığına verdiyi yüksək qiymətə, xatirəsinə göstərdiyi hörmət və ehtirama görə respublika Prezidenti Heydər Əliyevə mərhumun ailəsi adından dərin minnətdarlığını bildirdi, vida mərasiminə toplaşanlara təşəkkür etdi.
X X X
Matəm mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi Bakı Musiqi Akademiyasının binasından qaldırılaraq Fəxri Xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Görkəmli bəstəkar, mahir pedaqoq, əsl ziyalı və gözəl insan kimi işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq Cövdət Hacıyevin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
X X X
Matəm mərasimində baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər iştirak edirdilər.