DÜNYA
Sooronbay Jeenbekov: Qırğızıstanın sədrliyi ilə ŞƏT-də fəal iş aparılır
Bişkek, 7 fevral, АZƏRTAC
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Vladimir Norovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər arasında siyasi, təhlükəsizlik, mədəni-humanitar sahədə əməkdaşlıq, ŞƏT çərçivəsində iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Görüş zamanı, bu ilin iyun ayında Bişkekdə keçiriləcək ŞƏT dövlət başçılarının Zirvə görüşündə müzakirəyə çıxarılacaq məsələlər diqqət mərkəzində olub.
Prezident deyib ki, Qırğızıstanın sədrliyi ilə ŞƏT-də fəal iş aparılır: “İndiyədək bir sıra danışıqlar keçirilib, hazırda tərəflər arasında imzalanacaq sənədlər müzakirə olunur. Biz görüşün yüksək səviyyədə keçirilməsi üçün nə lazımdırsa edəcəyik”.
V.Norov Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov və digər rəsmi şəxslərlə görüşləri və müzakirə olunan məsələlər haqqında məlumat verib.
Xatırladırıq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek