ELM VƏ TƏHSİL
“Sosial media və milli dəyərlər” adlı təlimlərə başlanılıb
Bakı, 28 iyul, Şahin Hüseynzadə, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Sosial media və milli dəyərlər” adlı təlimlərə başlanılıb. Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri, AMEA rəyasət heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Əliyev layihə haqqında məlumat verib. Qeyd olunub ki, dörd gün davam edəcək təlimlərin keçirilməsinin məqsədi beynəlxalq sosial şəbəkələrdə dövlətimizin əleyhinə yönəlmiş xarici təxribatlara qarşı gənclərin hazırlığının artırılması, sosial mediadan düzgün istifadə qaydalarının aşılanması və bu sahədə yeniyetmələr arasında maarifləndirmə işinin aparılmasıdır.
Bildirilib ki, Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, dövlətimiz və onun milli maraqları üçün gəncliyin daima axtarışda olması vacib amillərdəndir. Sosial media şəbəkəsinin genişləndirilməsi, informasiyanın insanlara daha tez çatdırılması, dürüst və qərəzsiz olması çox mühümdür.
MEK-in direktoru Leyla İmanova rəhbərlik etdiyi qurumun fəaliyyəti, burada müasir informasiya texnologiyalarının tətbiqi və zəngin kitab fondu haqqında məlumat verib. Müasir dövrdə gəncləri sosial media ilə bağlı maarifləndirmə işinə cəlb etməyin, onları bu sahədə milli maraqların təbliğatçısına çevirməyin, Azərbaycanın daxili və xarici uğurlarını sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmağın əhəmiyyəti qeyd olunub.
Digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışıb, gənclərin maarifləndirilməsi işində mühüm rolu olan belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Sonra təlimlərə başlanılıb.