SİYASƏT
SOSİAL SAHƏ İLƏ BAĞLI BƏZİ QANUNLARA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏK, BƏZİLƏRİ İSƏ YENİDƏN İŞLƏNİLƏCƏKDİR
Bakı, 18 avqust (AZƏRTAC). Parlamentin ötən illərdə sosial sahə ilə əlaqədar qəbul etdiyi bəzi qanunlara yenidən baxılacaqdır. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli demişdir ki, mövcud standartlara, günün tələbinə cavab verməyən qanunlara əlavələr və dəyişikliklər ediləcək, bəzi qanunlar isə yenidən işləniləcəkdir.
H.Rəcəblinin dediyinə görə, yenidən işlənməli vacib qanunlardan biri “QİÇS haqqında” qanundur. QİÇS-lə əlaqədar qüvvədə olan qanun müasir dövrün reallıqlarına və tələblərinə tam cavab vermir. Ona görə də bu yöndə yeni qanuna ehtiyac vardır.
Bundan başqa, ictimai yerlərdə siqaretdən istifadəyə qadağanı nəzərdə tutan qanun layihəsinin hazırlanması və parlamentin müzakirələrinə təqdim olunması nəzərdə tutulur. Bir müddət öncə komitənin iclaslarının birində bu məsələ ilə bağlı ilkin müzakirələr keçirilmişdir. Bununla yanaşı, “İlkin səhiyyə haqqında” qanun layihəsinin hazırlanması da nəzərdə tutulur. “Bu qanunun da qəbulu vacib və əhəmiyyətlidir”, - deyə komitə sədri vurğulamışdır.