DÜNYA
Sosislər xərçəngə gətirib çıxara bilər
Bakı, 13 yanvar (AZƏRTAC). İsveç tədqiqatçıları bəyan etmişlər ki, texnoloji emaldan keçmiş ətlə (məsələn, sosis və ya bekonla) qidalanma mədəaltı vəzi xərçənginə gətirib çıxara bilər.
BBC-nin verdiyi xəbərə görə, British Journal of Cancer jurnalında dərc olunmuş yeni tədqiqatda deyilir ki, hər gün bir sosis və ya iki tikə bekon yemək insanda mədəaltı vəzi xərçənginin inkişaf etməsi riskini emal olunmuş ət yeməyən insanlardakına nisbətən 19 faiz artıra bilər.
Bundan əvvəl alimlər belə ətdən istifadə edilməsi ilə bağırsaq xərçəngi arasında qarşılıqlı əlaqə olduğunu müəyyənləşdirmişdilər.
Lakin 6 mindən çox insanı müayinə etmiş mütəxəssislər xəbərdarlıq edirlər ki, insanda mədəaltı vəzi xərçənginin diaqnostikası imkanları nisbətən məhdud olaraq qalır.
Ümumdünya Xərçəngin Tədqiqi Fondu qeyd edir ki, bu xəstəliyin meydana çıxması ilə siqaretçəkmə, yaxud piylənmə arasında çox möhkəm qarşılıqlı əlaqə vardır.