ŞÖVKƏT ƏLƏKBƏROVA – 80
VƏTƏN ŞÖVKƏT HƏSRƏTİNDƏDİR...
Sənətə ehtiramı, özünün səhnə mədəniyyəti, mənəvi kamilliyi və son dərəcə ağayana cazibədarlığı ilə xalq artisti Şövkət Ələkbərova XX əsr Azərbaycan ifaçılıq sənətinin ən qüdrətli nəğmə ustası idi. Şövkət xanımın yaradıcılığında yüksək vokal mədəniyyəti ilə zərif emosionallıq qoşa qanad kimi hormonik vəhdət təşkil edirdi. O, musiqi dünyasına elə məharətlə daxil olurdu ki, dəqiq hərəkət ölçüləri və ifadəli sifət cizgiləri ilə oxuduğu mahnının poetik obrazını təcəssüm etdirirdi.
Bu fikirlər noyabrın 29-da Respublika sarayında görkəmli müğənni Şövkət Ələkbərovanın anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley gecəsində bir daha yada düşdü, Şövkət həsrətini yaşadan xatirələrin kövrək nəfəsində bir daha istiləşdi, doğmalaşdı.
Mədəniyyət naziri Polad Bülbüloğlu giriş sözündə Şövkət xanımın yaradıcılığı barədə səmimi fikirlər söylədi.
Gecədə Şövkət Ələkbərovanın ifaçılığı üçün səciyyəvi olan dərin emosionallıq və lirizmindən, müğənninin muğam yaradıcılığının əsas məziyyətlərini təşkil edən məharətli gəzişmələrindən, improvizasiya ustalığından söhbət açıldı.
Sonra müğənninin sənət yoldaşlarının və tələbələrinin ifasında uzun illər Şövkət xanımın repertuarını bəzəmiş qəlb oxşayan, füsünkar xalq nəğmələri və bəstəkar mahnıları səsləndi, lent yazıları nümayiş etdirildi.
Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov anasının yaradıcılığına verdiyi yüksək qiymətə, xatirəsinə göstərdiyi hörmət və ehtirama görə Azərbaycan Prezidenti Heydər Əliyevə, yubiley gecəsinin təşkilatçılarına və bütün iştirakçılarına dərin minnətdarlığını bildirdi.
Tədbir iştirakçıları sarayın foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkil etdiyi və müğənninin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular.
Baş nazirin birinci müavini Abbas Abbasov, baş nazirin müavini Elçin Əfəndiyev və başqa rəsmi şəxslər yubiley gecəsində iştirak edirdilər.