CƏMİYYƏT
Soydaşlarımız Norveç rəsmilərini Ermənistanın sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqləri gücləndirməyə çağırıblar
Bakı, 15 sentyabr, AZƏRTAC
Norveçdə yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar ölkənin rəsmi qurumlarına, səfirliklərə və yerli KİV-lərə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) sədri Fariz Rzayevin imzaladıqları bəyanat Norveç parlamentinə, parlamentin xarici əlaqələr şöbəsinə, ölkənin Baş nazirinə, Xarici İçlər Nazirliyinə, ABŞ, Fransa, Rusiyanın Norveçdəki səfirliklərinə, “Aftenposten”, həmçinin “Vega” qəzetlərinə ünvanlanıb.
Bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Bildirilib ki, Norveçin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən Azərbaycan icması yaranmış vəziyyətdən çox böyük həyəcan və narahatlıq keçirir. Çünki beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı göz önündədir.
Soydaşlarımız Norveç rəsmilərini Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması, sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqləri gücləndirməyə və əməli addımlar atmağa çağırıblar.