REGİONLAR
Soyuducu anbarlar əhalini qış mövsümündə keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin edir
Naxçıvan, 23 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun və sahibkarların özlərinin şəxsi vəsaitləri hesabına soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün yaradılan anbarların ümumi tutumu 15 min 395 tona çatdırılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dövlət maliyyə dəstəyi ilə yaradılan, bilavasitə kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq kənd təsərrüfatı məhsullarının tədarükünün həyata keçirilməsi üçün tutumu 6 min ton olan ixtisaslaşdırılmış soyuducu anbar və sahibkarlıq subyektlərinin istehsal məhsullarının saxlanması üzrə tutumu 9 min 395 ton olan ixtisaslaşdırılmış soyuducu və digər təyinatlı ərzaq məhsulları üçün anbarlar mövcuddur.
Cari ildə əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə belə məhsullar soyuducu аnbаrlаrа tədarük edilib və keyfiyyəti daim nəzarətdə saxlanılır. Bu ilin iyun ayından dekabr ayının ortalarınadək soyuducu anbarlara tələbatdan artıq istehsal edilmiş 4 min 300,55 ton məhsul tədarük olunub. Bunun da 3079,51 tonu kartof, 635,21 tonu soğan, 220 tonu ərik, 337,6 tonu alma, 13,78 tonu kələm, 14,05 tonu sarımsaq və digər məhsullardır. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 1785,87 tonunun satışı həyata keçirilib.
Soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə sahibkarlarla qarşılıqlı razılaşma yolu ilə anbarların istehsalçılara icarəyə verilməsi də həyata keçirilir. Hazırda soyuducu anbarlarda icarə olaraq 427,4 ton məhsul saxlanılmaqdadır.
Qeyd edək ki, cari ilin ötən dövründə soyuducu anbarların yaradılması istiqamətində 1 layihənin maliyyələşdirilməsinə 50 min manat vəsait ayrılıb. Ümumilikdə isə, 2000-ci ildən 2016-cı ilin ötən dövrünədək Sahibkarlığa Kömək Fondu tərəfindən 11 layihənin maliyyələşdirilməsinə 4 milyon 297 min 840 manat dövlət maliyyə dəstəyi göstərilib. Bu layihələrin reallaşdırılması yeni iş yerlərinin açılmasına imkan yaradıb.