MƏDƏNİYYƏT
SSRİ Xalq Artisti Lyudmila Çursina Bakı səhnəsində çıxış edəcəkdir
Bakı, 6 yanvar (AZƏRTAC). Martın 8-9-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “İmperatriçə” tamaşası göstəriləcəkdir.
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, imperatriçə II Yekaterina rolunu SSRİ Xalq Artisti Lyudmila Çursina oynayacaqdır. Rolları Rusiya Federasiyasının xalq artistləri Aristarx Livanov, Vladimir Konkin, Olqa Boqdanova, Əməkdar Artist Dmitri Popov ifa edəcəklər.
Dahi qadın II Yekatrinanın taleyi hamıda maraq oyadır. O, sadəcə qadın deyil, yorulmaz zəhmətkeş, maarifçi hökmdar, ruh yüksəkliyinə malik insandır.
“İmperatriçə” tamaşası II Yekaterinanın şəxsi həyatından səhnələrdir. Rusiya üçün əlindən gələn hər şeyi edən qadın hökmdarın ətrafındakılar onun şəxsi həyatına amansız yanaşmışlar. Sevgilisinin öldürülməsi, şəxsi azadlığa ümidinin itməsi Yekaterinanı sındırmamış, o, hər şeydən əvvəl Rusiya tarixində əbədi olaraq imperatriçə kimi qalmışdır.
Səhnə əsərinin quruluşçu rejissor Olqa Qlubokovadır.