İQTİSADİYYAT
“Stadler Rail Group” şirkətinin ikimərtəbəli elektrik qatarlarından daha ikisi Azərbaycana gətiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
“Stadler Rail Group” şirkətinin ikimərtəbəli elektrik qatarlarından daha ikisi Azərbaycana gətiriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, QSC-nin sədri Cavid Qurbanov fevralın 19-da İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder ilə görüşüb.
C.Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group” şirkətindən KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb. Qatarlardan üçü artıq Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir. Daha iki qatarın isə Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edilib. Artıq vaqonların istehsalına start verilib.
Görüşdə İsveçrə-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə olunub. Səfir F.Ştalder “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.