İQTİSADİYYAT
“Star” neft emalı zavodunun istismara verilməsi üçün sınaq işlərinə başlanılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodunun (NEZ) istismara verilməsi üçün sınaq işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yer alan məlumatında bildirilir. Məlumata görə, “Star”ın istismara verilməsi üçün sınaqlara başlanılıb və təhvil üzrə ödənişin ikinci tranşı, yəni 240 milyon dolların sentyabrın 30-dək “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) ödənilməsinə qərar verilib.
“Yanvarın 9-da açıqlandığı kimi STEAŞ ilə “Star Rafineri A.Ş.”nin 18 faizlik dolaylı şəriki olmaqla “Rafineri Holding”in 30 faizlik səhminin təhvil verilməsi üzrə müqavilə imzalanıb. Həmin müqavilə üzrə “Star” neft emalı zavodunun istismara verilməsi üçün sınaq işlərinə başlanılıb, təhvil üzrə ödənişin 240 milyon dollarlıq ikinci tranşının sentyabrın 30-dək STEAŞ-a ödənilməsi qərara alınıb”.
Qeyd edək ki, zavodda emal üçün ilk xam neft Azərbaycandan göndərilib. “Star”da hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq. Zavodun oktyabrda istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.