İQTİSADİYYAT
“Startup Azərbaycan 2014” layihəsinə yekun vurulmuşdur
Bakı, 3 iyul (AZƏRTAC, Nihat Budaqov). İyulun 3-də “Park İNN” mehmanxanasında “Startup Azərbaycan 2014” layihəsinin yekun təqdimat mərasimi və “Startup” mühitinin (ekosistemin) formalaşmasına dövlətin, özəl sektorun və fərdi investorların dəstəyi” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransı açan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ötən müddət ərzində “Startup Azərbaycan 2014” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində, ADA-da və digər ali təhsil ocaqlarında startup toplantılarının keçirildiyini demişdir. Həmçinin bildirilmişdir ki, Yüksək Texnologiyalar Parkında srartupçular, developerler və informasiya texnologiyaları mütəxəssislərinin iştirakı ilə “Startup Bakı” toplantısı təşkil olunmuş, startup komandalarının üzvlərinə beynəlxalq və yerli ekspertlər tərəfindən təlimlər keçirilmişdir.
Məlumat verilmişdir ki, 46 startup layihəsinin təqdim edildiyi builki müsabiqənin birinci mərhələsində səsvermə yolu ilə 15 yarımfinalçı seçilmişdir. İkinci mərhələdə isə yarımfinalçılar ekspertlər qarşısında öz layihələrinə dair oflayn təqdimatlar keçirmişlər. Ekspertlər təqdim olunan layihələri beş istiqamət üzrə 10 ballıq sistemlə qiymətləndirmişlər. Yekunda altı milli startup layihəsi uğur qazanaraq finala yüksəlmişlər.
Konfransda finalçıların öz layihələri ilə bağlı qısa təqdimatları olmuşdur.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək demişdir ki, konfransın məqsədi ölkədə milli startupların inkişafına, ümumiyyətlə internet biznesinə dəstək vermək və perspektivlərlə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır. Bildirilmişdir ki, Azərbaycanda innovasiya müəssisələrini inkişaf etdirmək üçün “Startup” şirkətlərinə sərmayələr qoyulmaqdadır. Hazırda İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı və müxtəlif fondlar bu şirkətlərə hərtərəfli kömək göstərirlər. Bizneslə məşğul olan gənc sahibkarlara innovasiya xarakterli layihələrin həyata keçirməsi üçün də imkanlar yaradılmaqdadır.
Daha sonra layihənin finalçılarına diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Sonda finala çıxan startuplarla investorların qapalı görüşləri keçirilmişdir.