İQTİSADİYYAT
Startupların seçim meyarları açıqlanmışdır
Bakı, 15 iyun (AZƏRTAC). “Startup Azərbaycan” yarımfinalçılarının oflayn təqdimatları iyunun 21-də Yüksək Texnologiyalar Parkında keçiriləcəkdir.
Təşkilat komitəsindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqə iştirakçıları qeyd olunan müddətədək biznes plan və təqdimatlarını “[email protected]” ünvanına göndərməlidirlər. Hər bir təqdimat maksimum 6-7 slayddan ibarət olmalıdır. Çıxış üçün 3-5 dəqiqə, sual-cavab üçün 1-2 dəqiqə vaxt ayrılacaqdır.
Ekspertlər layihələri ideya, əhatə dairəsi, gəlirlilik və digər parametrlər üzrə qiymətləndirəcək və nəticələr “Startup Azərbaycan”in təqdimat mərasimində açıqlanacaqdır.
“Startup Azərbaycan” müsabiqəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə keçirilir. Müsabiqənin akademik partnyoru “ADA” Universitetidir. “Startup Azərbaycan”a Yüksək Texnologiyalar Parkı, “İnfiPro”, “Sinam” və “Bakcell” şirkətləri dəstək verirlər.