STOKHOLMDA SU HƏFTƏSİ AÇILMIŞDIR
Bakı, 6 sentyabr (AZƏRTAC). Sentyabrın 5-də Stokholmda açılan Ümumdünya Su Həftəsi sentyabrın 11-dək davam edəcəkdir. 1991-ci ildən keçirilən həftəlikdə bu il 2 mindən çox ekspert, ictimai təşkilatların və işgüzar dairələrin nümayəndələri iştirak edirlər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu il diskussiyalarda və seminarlarda sudan istifadə, suyun keyfiyyəti ilə bağlı problemlərin həlli, su hövzələrinin insan sağlamlığı və ümumilikdə ekosistemlə əlaqəsi məsələlərinə toxunulacaqdır.
Həftənin başlıca tədbiri isə Stokholm beynəlxalq su mükafatının təqdim olunmasıdır. Bu il sentyabrın 9-da mükafat ABŞ tədqiqatçısı, Merilend Universitetinin və Blumberq adına ictimai səhiyyə məktəbinin professoru Rita Kolvellə təqdim olunacaqdır.
Laureatın adı bu ilin martında elan olunmuşdur. 76 yaşlı Rita Kolvellin tədqiqatları milyonlarla insanın həyatını xilas etməyə imkan vermişdir. Kolvell dünyada hər il 3-5 milyon insanın yoluxduğu və hər il 120 min adamın öldüyü vəba xəstəliyinin qarşısının alınması işinə böyük töhfələr vermişdir.
Pul mükafatının məbləği 150 min dollardır.
Ümumdünya Su Həftəsi çərçivəsində Stokholmda daha bir mükafat - İsveç-Baltiya su mükafatı təqdim olunacaqdır. Bu mükafatı İsveç hökuməti 1999-cu ildə Baltik dənizinin mühafizəsi məsələlərinə diqqəti cəlb etmək üçün təsis etmişdir. Mükafata Polşa tədqiqatçıları, professorlar Maçey Novitski və Marek Qromets layiq görülmüşlər. Diplom və 250 min İsveç kronu (təxminən 25 min avro) məbləğində mükafat onlara Baltik dənizində biogen gərginliyin azaldılması ilə bağlı elmi işə görə təqdim olunacaqdır.