DÜNYA
Stokholmda terror aktı törədən Rahmat Akilov həbs olunub
Stokholm, 11 aprel, Rauf Əliyev AZƏRTAC
İsveç prokurorluğu Stokholmda terror aktı törədən 39 yaşlı Özbəkistan vətəndaşı Rahmat Akilovu həbs edib, onunla əlbir olmaqda şübhəli bilinən şəxs isə azadlığa buraxılıb.
Bu barədə İsveç prokurorluğunun yaydığı məlumatda bildirilib. Vurğulanır ki, saxlanılan ikinci şəxsin Rahmat Akilovla birgə terror hücumunu həyata keçirməsi haqqında dəlillər çox azdır və onun həbsinə heç bir səbəb yoxdur. Azad olunmasına baxmayaraq, adı çəkilməyən şəxs İsveçi tərk etməyənə qədər polis nəzarəti altında qalacaq. Onun deportasiya olunması haqqında artıq qərar qəbul edilib.
Xatırladaq ki, aprel ayının 7-də İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzindəki “Drottningatan” küçəsində Rahmat Akilov əvvəlcədən oğurladığı yük avtomobilini qəsdən piyadaların üzərinə sürərək 4 nəfərin ölümünə və 14 nəfərin yaralanmasına səbəb olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm