SİYASƏT
STRASBURQDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Paris, 27 fevral (AZƏRTAC). Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 26-da Strasburqdakı Avropa Parlamentlər Assosiasiyasının binasında ölkəmizin və türk diaspor təşkilatlarının, Türkiyə Baş Konsulluğu əməkdaşlarının, tələbələrimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları erməni vəhşiliyinin qurbanı olmuş xocalıların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Mərasimə toplaşanlara Xocalı soyqırımının, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə nəşr edilmiş əyani və videomaterillar təqdim olunmuş, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir.
Tədbir boyu Xocalı soyqırımına dair fotostend və film nümayiş edirilmişdir.
Mərasimdə nümayəndəliyin rəhbəri səfir Arif Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri soyqımı, insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinin əsl mahiyyəti barədə danışmış, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən Xocalı faciəsi barədə dünya və Avropa ictimaiyyətinə ətraflı və düzgün məlumat vemək sahəsində apardığı işləri diqqətə çatdırmışdır.
Eyni zamanda, bu sahədə Azərbaycan diasporunun xüsusi rolunu qeyd edən səfir, bundan sonra da təbliğat prosesində həmrəylik göstərməyin vacibliyini vurğulamışdır. A.Məmmədov Xocalı soyqırımı ilə bağlı geniş məlumatların yerli və elektron KİV-lərdə yerləşdirilməsinin təcəvüzkar ermənilərin əsl simaları barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmiş, Xocalı faciəsinin dünya ölkələri tərəfindən soyqırımı kimi tanınması istiqamətində işlərin görülməsinin vacibliyini qeyd etmişdir.
Sonda səfir Xocalı faciəsini törədənlərin tezlikə layiqli cəzalarını alacaqlarına və haqq-ədalətin öz yerini tutacağına ümidvar olduğunu bəyan etmişdir.
Strasburqdakı “Azərbaycan evi”nin sədri Mustafa Alınca Xocalı soyqırımında əli olanların indiyə qədər cəzasız qaldıqlarına toxunmuş və faciəni törədənlərin məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımların atılması vaxtının çatdığını bildirmiş, fevralın 28-də Strasburqun mərkəzindəki Kleber meydanında izdihamlı mitinq keçiriləcəyini xatırlatmışdır.
Mərasimdə qeyd olunmuşdur ki, Xocalı faciəsi haqqında ətraflı məlumat vermək məqsədilə fevralın 25-27-də “Vikipediya” internet ensikolopediyasının səhifələrində tələbələrimizin iştirakı ilə nümayəndəlik tərəfindən soyqırıma dair ingilis dilində tərtib edilmiş mətn yerləşdirilmişdir. Qanlı faciə ilə bağlı nümayandəliyin hazırladığı mətbuat açıqlamaları Avropa Şurası Katibliyi, üzv ölkələrin nümayəndəlikləri və Strasburqda fəaliyyət göstərən konsulluqlar arasında paylanmışdır.
Mərasimin sonunda faciə qurbanlarının ruhuna ehsan süfrəsi açılmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
######