SİYASƏT
Strateji Araşdırmalar Mərkəzində keçirilmiş “dəyirmi masa”da Dağlıq Qarabağ münaqişəsi və Yaxın Şərq probleminin həlli yolları müzakirə edilmişdir
Bakı, 11 mart (AZƏRTAC). Martın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Oslo anlaşmaları və Yaxın Şərq sülh prosesində hazırkı vəziyyət” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsen, SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, Milli Məclisin deputatı Asim Mollazadə, Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova, Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev, politoloq Fikrət Sadıqov və başqaları iştirak etmişlər.
“Dəyirmi masa”da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli yolları, Yaxın Şərq sülh prosesinin tarixi və hazırkı durumu, bu regiondakı münaqişələrin həlli yolları, müasir geosiyasi proseslərin münaqişələrin həllinə təsiri potensialı kimi mövzular müzakirə edilmişdir.
Sonda “dəyirmi masa” iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.