SİYASƏT
Strateji Araşdırmalar Mərkəzində “Qlobal təhlükəsizlik üçün dəyişən təhdidlər” mövzusunda görüş keçirilmişdir
Bakı, 20 iyul (AZƏRTAC). İyulun 20-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Qlobal təhlükəsizlik üçün dəyişən təhdidlər” mövzusunda görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foks məruzə ilə çıxış etmişdir. Sabiq nazir qeyd etmişdir ki, təhlükəsizliklə bağlı aparılan elmi araşdırmalar, ümumiyyətlə, “kimin prizmasından təhlükəsizlik” məsələsini müzakirə obyektinə çevirmişdir. Hazırda regional təhlükəsizlik məsələsi xüsusi aktuallıq kəsb edir.
Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunan L.Foks bildirmişdir ki, uzadılmış münaqişələr regiondakı təhlükəsizliyə və sabitliyə zərbə vurur, iqtisadi və siyasi inkişafa mane olur. Bu da region ölkələri, bütövlükdə beynəlxalq ictimaiyyət üçün xüsusi narahatlıq doğurur.
Bölgədə təhlükəsizlik məsələlərinin yaxın zamanda həll ediləcəyinə ümidvar olduğunu bildirən L.Foks vurğulamışdır ki, Cənubi Qafqaz ölkələri bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalı və bununla bağlı beynəlxalq hüquqdan gələn öhdəlikləri yerinə yetirməlidir. L.Foks xüsusi vurğulamışdır ki, beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazilərinin işğalı faktını pisləməlidir.
Sonra dünyanın müxtəlif bölgələrində qlobal təhlükəsizlik təhdidləri və Cənubi Qafqaz regionunda həll edilməmiş münaqişələrlə bağlı fikir mübadiləsi aparılmışdır.