İQTİSADİYYAT
Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin “beyin mərkəzlərinin” IV forumunda iştirak edirlər
Qahirə, 26 mart (AZƏRTAC). Misirin paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin “beyin mərkəzlərinin” IV forumu açılmışdır. Forumun işində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı, SAM-ın eksperti Kamal Qasımov, İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Vüqar Bayramov iştirak edilər.
Misir Baş nazirinin hamiliyi ilə təşkil edilmiş İƏT ölkələrinin “beyin mərkəzlərinin” IV forumu “İƏT ölkələrinin iqtisadi inteqrasiyası: perspektivlər və çağırışlar” mövzusuna həsr edilmişdir.
Misir Prezidentinin siyasi məsələlər üzrə müşaviri Pakinam Şarqavi açılış mərasimində çıxış edərək, islam ölkələrinin siyasi və iqtisadi sahədə qarşılıqlı əlaqələrinin daha sıx inteqrasiyasına dəstək göstərmək məqsədi daşıyan forumun əhəmiyyətindən danışmışdır. O, xüsusi vurğulamışdır ki, əvvəlki forum Azərbaycanda yüksək səviyyədə keçirilmişdir.
SAM-ın nümayəndəsi V.Qasımlı ikigünlük forumda Azərbaycanın iqtisadi modelinə və onun iqtisadi nailiyyətlərinə həsr olunmuş “Təbii ehtiyatlarla zəngin olan müsəlman ölkələri: iqtisadi artım” mövzusunda məruzə ilə çıxış edəcəkdir. İTM-ın rəhbəri V.Bayramov islam ölkələrində iqtisadi vəziyyətin təhlilinə və Azərbaycanın təcrübəsinə həsr olunmuş “İslam ölkələrində iqtisadi çətinliklər və inkişaf perspektivləri” mövzusunda məruzə təqdim edəcəkdir. Bundan əlavə, K.Qasımovun “Azərbaycanda islam bankinqi: tarixi və perspektivləri” mövzusunda məruzəsi dinləniləcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə