CƏMİYYƏT
“Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilən müşavirələrə yekun vurulmuşdur
Bakı, 5 iyun (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Qaradağ Rayon İcra Hakimiyyətində Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirdiyi müşavirələrə yekun vurmuşdur.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, bundan əvvəl eyni mövzuda müşavirələr Binəqədi, Xəzər, Səbail, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərində də keçirilmişdir. Keçirilən bütün müşavirlərdə çimərliklərin mövsümə hazırlığı, mövcud problemlər və onların həlli yolları, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi məsələləri müzakirə olunmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, qəsəbə icra nümayəndəliyi və bələdiyyəsinin, mənzil istismar sahələrinin nümayəndələri və çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak etmişdir.
Tədbirdə “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları” mövzularında çıxışlar edilərək müşavirə iştirakçılarına zəruri nəzəri məlumatlar çatdırılmışdır.
Müşavirədən əvvəl Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Sahil, Lökbatan və Qobustan qəsəbə nümayəndəlikləri əməkdaşlarının iştirakı ilə rayon ərazisində olan çimərliklərdə problemlərin müəyyən olunması və onların aradan qaldırılması məqsədi ilə keçirilmiş monitorinq zamanı çəkilmiş fotoşəkillər vasitəsilə mövcud vəziyyət tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sonra “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədi ilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” mövzularında mühazirələrlə çıxışlar edilmişdir.
Tədbirdə Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş olunmuşdur.