CƏMİYYƏT
Su sayğacları oğurlamaqda şübhəli bilinən şəxslər barədə cinayət işi açılıb VİDEO
Bakı, 14 aprel, AZƏRTAC
Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Elçin Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı 5 ədəd su sayğacı aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, E.Qurbanovla birlikdə Nizami rayonunda su sayğacları oğurlamaqda şübhəli bilinən daha bir nəfər, əvvəllər məhkum olunmuş Zaqatala rayon sakini Eldar Xasayev saxlanılıb.
Saxlanılan şəxslər ifadələrində bu ilin yanvarından etibarən saxlanılan günə qədər Nizami rayonu ərazisində təxminən 100 mənzilin su sayğacını oğurladıqlarını etiraf ediblər. Onlar oğurladıqları su sayğaclarının mis və latundan olan hissələrini Bakının müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların yaşadıqları mənzilə baxış zamanı külli miqdarda su sayğaclarının qırılmış hissələri aşkar olunub.
E.Qurbanovun və E.Xasayevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onların paytaxtın Nizami rayonundan əlavə Sabunçu rayonunda vətəndaşlara məxsus su sayğacları oğurladıqları da məlum olub.
Faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Oğurluq sayğacların metal hissələrini alan qəbul məntəqələri sahiblərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda dərhal ərazi polis orqanlarına və ya nazirliyin “102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcək.