SİYASƏT
SUMQAYIT BÖLGƏLƏRİN DİNAMİK İNKİŞAFININ PARLAQ NÜMUNƏSİDİR
Sumqayıtda əlverişli biznes mühitinin yaradılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Şəhər rəhbərliyinin sahibkarlıq təşəbbüslərini hərtərəfli dəstəkləməsi müsbət nəticələr verir. Hazırda Sumqayıt Azərbaycanın intensiv inkişaf edən sənaye şəhərlərindən biridir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, təkcə ötən il istehsalın və xidmətlərin həcmi 33 faiz artmış, 354 miyon manatlıqdan çox məhsul istehsal edilmiş, orta aylıq əmək haqqı 36,8 faiz artmış, istehsalda və əhaliyə xidmət sahələrində qeyri-dövlət sektorunun payı 56 faizi ötmüşdür.
Sumqayıtın büdcəsi 2007-ci ildə 50 faiz artmışdır. 2003-cü ildən bəri isə 3,1 dəfə çoxalaraq, hazırda 36,4 milyon manata çatmışdır. Şəhərdə 25 bankın və 9 sığorta şirkətinin filialları uğurla fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına müvafiq olaraq yeni, strateji baxımdan mühüm obyektlərin - gündəlik gücü 200 min kubmetr olan modernləşdirilmiş çirkab sularını təmizləmə qurğusunun və respublikada analoqu olmayan 517 meqavatlıq elektrik stansiyasının tikintisi davam etdirilir. İki iri müəssisə - biskvit və makaron məmulatı istehsal edən “Bismark” müasir kompleksi və lifli borular istehsalı üzrə “Azkompozit” zavodu işə salınmışdır. Hər iki müəssisənin açılış mərasimində dövlətimizin başçısı İlham Əliyev iştirak etmişdir.
Bundan əlavə, şəhərdə 30-dan çox yeni sənaye müəssisəsi, o cümlədən “Dizayn-cinay Azərbaycan”, “BASF Caspian YKS”, “Elitar”, “Azer Ltd”, “Azərxalı”, “Tacholdinq”, “Laouman” fəaliyyətə başlamışdır. İntensiv surətdə yeni müəssisələr tikilir, fəaliyyətini dayandırmış istehsalatlar bərpa edilir və yenidən qurulur.
Özəl qurumlar Sumqayıtda çoxmərtəbəli yaşayış binalarının tikintisini dinamik surətdə davam etdirir. Eyni zamanda, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün dövlət vəsaiti hesabına tikilən sayca beşinci yaşayış binası artıq istifadəyə verilmək mərhələsindədir.
V.Əliyev orta təhsil müəssisələrinin, mədəniyyət və səhiyyə idarələrinin, şəhər mənzil fondunun maddi-texniki bazasının möhkəmləndirilməsi, küçələrin işıqlandırılması, yol təmiri və tikintisi, abadlıq və yaşıllaşdırma istiqamətində görülən işlərdən də ətraflı danışmışdır. Şəhərin bütün yaşayış massivlərinin fasiləsiz qaz, su və elektrik enerjisi ilə təmin olunması üçün hər cür şərait yaradılmışdır. Bütün qaz abunəçiləri sayğaclaşdırılmışdır. Bu kampaniya digər sahələrdə də davam etdirilir. İndən belə əsas vəzifə bu ehtiyatlardan qənaətlə istifadə etməyi öyrənmək, pulunu vaxtında və tam ödəmək, bununla da həmin sahələrin inkişafına yardımçı olmaqdır.
Dövlət siyasətinin başlıca vəzifəsi vətəndaşların maddi rifahını yüksəltməkdir, ona görə də kiçik və orta biznesin inkişafı üçün əlverişli şərait yaradılmasına xüsusi diqqət yetirilir. Hazırda şəhərdə yüzlərlə sahibkarlıq subyekti uğurla fəaliyyət göstərir. Yerli vergilərdə özəl sektorun payı 80 faizdən çoxdur. Bütün bunlar iş yerlərinin sayının artmasına müsbət təsir göstərmişdir. Təkcə bu ilin 3 ayı ərzində Sumqayıtda 1600 yeni iş yeri açılmışdır ki, bunların da 800-ü daimidir. 2003-cü ilin oktyabrından bəri şəhərdə 26 mindən çox, o cümlədən 12 min daimi iş yeri yaradılmışdır.
Şəhərin rəhbəri vurğulamışdır ki, bütün bu nailiyyətlər Prezident İlham Əliyevin dəqiq müəyyən etdiyi və iqtisadiyyatın yüksələn xətlə tarazlaşdırılmış inkişafını, əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni nəzərdə tutan Dövlət proqramında əksini tapmış regionların sürətli inkişafı konsepsiyasının uğurla gerçəkləşdirilməsinin nəticəsidir. Bu konsepsiya dövlətimizin başçısının elan etdiyi respublikanın inkişafının yeni paradiqmasını - “qara qızıl”ın “insan kapitalı”na çevrilməsini həyata keçirməsinə imkan verəcəkdir.
Sumqayıtın timsalında cəsarətlə deyə bilərik ki, ölkəmiz böyük məqsədinə - vətəndaşların həyat standartlarını keyfiyyətcə yaxşılaşdırmaq, onların firavan yaşamalarına şərait yaratmaq məqsədinə doğru planlı surətdə irəliləyir.