CƏMİYYƏT
Sumqayıt gəncləri anım tədbiri keçirmişlər
Sumqayıt, 30 mart (AZƏRTAC). Sumqayıtın tarix muzeyində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə ərsəyə gələn tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlamışdır.
Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elgin Həbibullayev 1918-ci ilin 31 mart və 1-2 aprel tarixlərində ermənilərin Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə dinc əhaliyə amansızlıqla divan tutması haqqında məlumat verərək, həmin hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndinin xarabalığa çevrilməsi, minlərlə soydaşımızın öldürülməsini və digər tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra söz alan şair - publisist Əvəz Mahmud Lələdağ bədnam ermənilərin zaman-zaman torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışmış, qəsbkar ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ilə bu gün də işğalçılıq siyasəti apardığını bildirmiş, onların törətdikləri faciələr barədə dünya ictimaiyyətinə daha ətraflı məlumat verilməsinin vacibliyini diqqətə çatdırmışdır.