REGİONLAR
Sumqayıt gəncləri “Zamanın effektiv idarə olunması”nı öyrənirlər
Sumqayıt, 26 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda “Zamanın effektiv idarə olunması” mövzusunda təlim keçirilib. Təlim Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir mövcud pandemiya qaydalarına uyğun şəraitdə keçirilib. İqtisadçı ekspert Arzu Qafarlının təqdimatında “Zamanın effektiv idarə olunması” mövzusundakı təlimdə şəhərin müxtəlif gənclər təşkilatlarını təmsil edən könüllülər iştirak ediblər.
Təlimin məqsədi Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn bir sıra məsələlər üzrə gənclərin fərdi bacarıqlarını inkişaf etdirərək vaxtın düzgün idarə edilməsi səriştəsinin artırılması, günlük prioritetlərin düzgün bölüşdürülməsi, işlərin düzgün planlanması, effektiv qərar qəbul edilməsi və faydalı iş əmsalının yüksəldilməsidir.
Təlim zamanı iştirakçılara mövzu ətrafında videoçarx və fototəqdimat nümayiş olunub, diskussiyalar aparılıb, maraqlı qrup çalışmaları təşkil edilib.
Sonda fəal gənclərə hədiyyələr və sertifikatlar təqdim olunub.