İQTİSADİYYAT
Sumqayıt stansiyasına aparan yeni birləşdirici yolun çəkilməsi üçün artıq torpaqlama işlərinə başlanılıb
Bakı, 6 iyul, Fərhad Vahidzadə, AZƏRTAC
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsinin əsaslı təmiri çərçivəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun çəkilməsi üçün artıq torpaqlama işlərinə başlanılıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmiri sürətlə davam etdirilir. O qeyd edib ki, görülən işlər çərçivəsində Bakı sərnişin stansiyasında 3 platformada işlər tam yekunlaşıb və hazırda 4-cü platforma quraşdırılır.
Xatırladaq ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 52 kilometr yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.