CƏMİYYƏT
Sumqayıtda “Bədən dili və ünsiyyətdə əks manipulyasiya” adlı təlim keçirilib
Bakı, 19 may, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Gənc Müəllimlər Şurası və Sumqayıtın Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində və Sumqayıtın Tarixi Muzeyində “Bədən dili və ünsiyyətdə əks manipulyasiya” adlı təlimlər keçirilib.
AZƏRTAC Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, tədbirin məqsədi qeyri-verbal ünsiyyət vasitələri və natiqlik sənəti haqqında gəncləri maarifləndirmək, onlarda aydın və səlis ünsiyyət qurma, fikir çatdırma vərdişlərini formalaşdırmaqdır.
Təlimlərdə spiker Arzu Qafarlı tərəfindən bədən dili və natiqlik sənəti ilə bağlı əsas biliklər iştirakçılara çatdırılıb, natiqlik qabiliyyəti, nitq mədəniyyətinin önəmi, empatiya və ifadəlilik bacarığı, aydın tələffüz üsulları haqqında elektron təqdimat materialları hazırlanaraq nümayiş etdirilib.
Təlimlərə gənc müəllimlər, mədəniyyət işçiləri və könüllü gənclər olmaqla, ümumilikdə 50-ə yaxın iştirakçı cəlb olunub, sonda fəal iştirakçılara Baş İdarənin sertifikatları təqdim edilib.