REGİONLAR
Sumqayıtda “Bölgə yazarları qonağımızdır” layihəsi çərçivəsində ilk görüş keçirilib
Sumqayıt, 4 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Əli Kərim adına Poeziya evində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə əslən Yardımlıdan olan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair İqbal Nəhmətlə oxucuların görüşü keçirilib.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Bölgə yazarları qonağımızdır” adlı tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova açaraq qonaqları salamlayıb. Sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin şair İqbal Nəhməti iştirakçılara təqdim edib və tədbirin aparıcısı kimi sözü Əli Niyazbəyliyə verib. Tədbirin gedişatında şairin şeirləri aparıcı, 3 nömrəli məktəbin şagirdləri və gənc şairə Gülnar Hüseynova tərəfindən səsləndirilib.
Birliyin katibi Səlim Babullaoğlu, şairlər Əli Nəcəfxanlı, İbrahim İlyaslı, Nadir Azayoğlu, İlham Qazaxlı, Xatirə Fərəcli, Rəfiqə Şəms, şəhid atası Yaşar Nəzərov, müğənni Yusif Mustafayev və digər ədəbi mühit nümayəndələrinin və poeziya həvəskarlarının iştirakı ilə keçirilən görüşdə gənc şairin bədii yaradıcılığı ilə bağlı çıxışlar dinlənilib.
Sonda İqbal Nəhmət gənc yazarların oxuculara tanıdılmasına, yaradıcılığının geniş təbliğinə şərait yaradıldığına görə təşkilatçılara təşəkkürünü bildirib.
Tədbir iştirakçıları gənc şairlə görüşdən xoş təəssüratlarla ayrılıblar.