REGİONLAR
Sumqayıtda daha bir nümunəvi məhəllə sakinlərin istifadəsinə verilib
Sumqayıt, 24 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda yeni nümunəvi məhəllə istifadəyə verilib. Şəhərin 36-cı məhəlləsində istifadəyə verilən bu yeni nümunəvi məhəllə sayca 11-cidir. Burada oturacaqlar, köşklər quraşdırılıb, uşaqlar üçün əyləncə meydançaları tikilib. Məhəllədə mini futbol meydançası da tikilib, daxili yollara asfalt döşənib, yaşıllıq salınıb, binaların fasadları rənglənib, dam örtüyü yeniləri ilə əvəz olunub. Həmçinin Sülh küçəsində yerləşən binaların fasadları texnodizayn üslubunda yenilənib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş məhəllənin açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məhəllə və mikrorayonlarda növbəti nümunəvi məhəllələrin salındığını və bu prosesin davam etdirildiyini bildirib.
Başa çatmaqda olan 2014 -cü ildə Sumqayıtda yeni müəssisələrin açıldığını, müasir sənaye mərkəzi kimi formalaşan şəhərdə bununla da əhalinin məşğulluq probleminin tədricən həll edildiyini deyən icra hakimiyyətinin başçısı 2015-ci ilin əvvəlindən şəhərin inkişafı ilə bağlı yeni layihələrin icrasına başlanılacağı barədə məlumat verib.
Tədbirdə iştirak edən sakinlər yaradılan onların rahatlığı üçün yaradılan şəraitə, diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Ümumiyyətlə, şəhərdə aparılan abadlıq və quruculuq işlərindən, yeni iş yerlərinin açılmasından, məhəllələrdə yaradılan rahatlıqdan razılıqlarını ifadə edən sakinlər bəzi təkliflər də irəli sürüblər. Xüsusilə binaların dam örtüyünün dəyişdirilməsi, yeni belə nümunəvi məhəllələrin yaradılmasının zəruriliyi diqqətə çatdırılıb.
Sakinlərin müraciətlərinin bir hissəsinin yaxın günlərdə həll olunacağı bildirilib. Digərlərinin isə araşdırılması və tədbir görülməsi üçün müvafiq icra orqanlarının rəhbərlərinə göstəriş verilib.
Açılış mərasimi konsert proqramı ilə başa çatıb.