Sumqayıtda gənc rəssamların sərgisi açılıb
Sumqayıt, 11 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtın Tarixi Muzeyində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bu münasibətlə dahi Nizaminin zəngin yaradıcılığına dair Sumqayıt Regional Mədəniyyət İdarəsi xüsusi tədbirlər planı hazırlayıb, bir sıra maraqlı layihələr həyata keçirir. O cümlədən videoçarxlar, tamaşalar və sərgilər nümayiş etdirilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, növbəti tədbir Sumqayıtın Tarixi Muzeyində reallaşıb. Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Mərkəzinin rəssamlıq şöbəsinin şagirdləri öz əl işlərindən ibarət Nizami Gəncəvinin 880 illiyinə həsr edilən sərgini təqdim ediblər.
Sərgidə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizaminin yaradıcılığından bəhs olunub.