Sumqayıtda “Gənclər həftəsi”nə start verilib
Sumqayıt, 28 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Təhsil Şöbəsi nəzdində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq “Gənclik yeni zəfərlərə doğru” adlı breyn-rinq bilik yarışı keçirilib.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, bilik yarışının təşkilində məqsəd Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn məsələlərin həlli, Azərbaycan Gəncləri Gününün qeyd edilməsi, gənclərin dünya görüşünün, intellektual səviyyəsinin artırılması, zehni inkişafının stimullaşdırılması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Yarışa şəhərin ümumtəhsil məktəblərini təmsil edən şagirdlərdən ibarət komandalar qatılıb. Yekun nəticəyə əsasən, I yeri 12 nömrəli məktəbin “Tusi”, II yeri 13 nömrəli məktəbin “Zəka”, III yeri isə 22 nömrəli tam orta məktəbin “Zəfər” komandaları tutub.
Qalib komandalar Baş İdarənin fəxri fərmanı, medal və hədiyyələri ilə təltif edilib.
Qeyd edək ki, yanvarın 27-dən - fevralın 2-nə kimi “Gənclər həftəsi” çərçivəsində Baş İdarə tərəfindən gənclərin maraq və istəklərinə uyğun silsilə tədbirlərin, həmçinin həvəskar idman yarışlarının keçirilməsi nəzərdə tutulur.