REGİONLAR
Sumqayıtda “Gözəl yurdumuzu uşaqkən gəzək” adlı layihənin icrasına başlanılıb
Sumqayıt, 28 mart, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi “Gözəl yurdumuzu uşaqkən gəzək” adlı layihəyə start verib. Layihənin məqsədi şəhərin, eləcə də ölkənin maddi-mənəvi sərvətləri, tarixi abidələri, turizm potensialı haqqında şəhər əhalisini məlumatlandırmaq, ekskursiyalar, turlar təşkil etməkdir.
İdarənin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, layihə çərçivəsində müəssisələrdə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu silsilədən ilk tədbir Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində keçirilib. “Abidələrə virtual səyahət” adlı tədbirdə şöbə müdiri Yeganə Hüseynova azyaşlı oxuculara layihə haqqında geniş məlumat verib. Sonra Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin aparıcı mütəxəssisi Ayişə Səfərli Sumqayıt şəhərində dövlət tərəfindən mühafizə olunan 9 tarixi abidənin tarixi haqqında danışıb, bununla bağlı videoçarx nümayiş etdirib.
Tədbir zamanı uşaqlarla xoş ünsiyyət qurulub, onları maraqlandıran sualları cavablandırılıb, həmçinin intellektual-əyləncəli oyunlar təşkil olunub.
Uşaqlar şeir söyləyib, bilik və bacarıqlarını göstəriblər.