REGİONLAR
Sumqayıtda iri marketin sahibinə karantin qaydalarına əməl etmədiyinə görə cinayət işi açılıb
Sumqayıt, 26 avqust, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Şəhər Polis İdarəsinin əməkdaşları COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə davamlı olaraq reydlər keçirirlər.
AZƏRTAC xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində aparılan reyd zamanı marketlərdən birinin karantin qaydalarını kobud şəkildə pozduğu məlum olub. Belə ki, həyata keçirilən nəzarət tədbirləri nəticəsində 16-cı məhəllədə yerləşən “Army” marketdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət edilmədiyi aşkarlanıb.
Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq tətbiq olunan qaydaları pozduğuna görə, marketin sahibi, Abşeron rayon Xırdalan şəhər sakini Tağıyev Səhrab Sahir oğlu barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi ilə bağlı market sahibi 39 yaşlı S.Tağıyev saxlanılıb.
Market sahibi bir müddət öncə qanunvericiliyin tələbinə əsasən vəzifəli şəxs qismində 4000 manat cərimələnib.