SİYASƏT
SUMQAYITDA QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ AVTOMOBİLLƏR TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 23-də Sumqayıtdakı Paralimpiya kompleksində Qarabağ müharibəsi əlillərinə”Oka” markalı xüsusi avtomobillərin təqdim edilməsi mərasimi keçirilmişdir. Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş abşeronlu, xaçmazlı və sumqayıtlı gənclərin bugünkü sevincinə şərik olmaq üçün respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də bu mərasimə gəlmişdilər. Əlillərə təntənəli şəraitdə 30 avtomaşının açarları, 45 əl arabası və 15 eşitmə aparatı təqdim edilmişdir.
Respublika əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, dünən Azərbaycan Konstitusiya Məhkəməsi İlham Əliyevin ölkə prezidenti seçilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarını təsdiq etmişdir. O vurğulamışdır ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması dövlət başçısının daxili siyasətinin öncül istiqamətidir. Müharibədə sağlamlığını itirmiş insanların və şəhid ailələrinin həyat şəraiti ilbəil yaxşılaşır.
N.Məmmədov müsbət dinamikanı təsdiqləyən rəqəmlər də gətirilmişdir. Belə ki, son 5 ildə bu kateqoriyadan olan bir neçə min insana yeni mənzillər və avtomobillər verilmiş, onlar tam reabilitasiya kursu keçmiş və sağlamlıqlarını bərpa etmişlər. Bu sahəyə investisiya qoyuluşu davam edir.
Mərasimdə çıxış edən yeni avtomobil sahibləri ölkə Prezidenti İlham Əliyevə onlara göstərdiyi daimi qayğıya və diqqətə görə təşəkkür etmişlər.
######