İQTİSADİYYAT
Sumqayıtda quruculuq işləri böyük vüsət almışdır
Sumqayıt, 26 aprel (AZƏRTAC). Sumqayıt Şəhər İcra Hakimiyyətində 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş şura iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə məsələ ilə əlaqədar hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır.
Bildirilmişdir ki, bu ilin əvvəlindən Sumqayıtda ümumi məhsul buraxılışının həcmi 200 milyon manat təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 30,7 faiz olmuşdur. Sənaye sahəsində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 44,6 faiz artaraq 142 milyon manatdan çох оlmuşdur. Ümumi daxili məhsulun tərkibində qeyri – dövlət sektorunun payı 70 faiz təşkil etmişdir. Sosial–iqtisadi sahədə çalışan işçilərin orta əmək haqqı 28,5 faiz artaraq 410 mаnata çatmışdır. Kimya sənayesi və metallurgiyada məhsul istehsalı 2 dəfə, yüngül sənayedə isə 1,4 dəfə artmışdır. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 15 milyon manat investisiya yönəldilmişdir.
Sumqayıt Texnologiyalar Parkında respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsulları istehsalının həcmi artmaqdadır. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Sumqayıtın sənaye zonasında Kimya Sənaye Parkının yaradılması günün aktual layihələrindən biridir. Yeni müəssisənin inşası ilə ölkə sənayesinin özəl sektorunun, kiçik və orta biznesin inkişafına, nəticə etibarilə müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə nail olunacaqdır.
Bildirilmişdir ki, 2013–ci ilin əvvəlindən həyata keçirilən tədbirlər nəticəsində şəhərdə hamısı daimi olmaqla 1277 yeni iş yeri yaradılmışdır.
Qeyd olunmuşdur ki, şəhər həyatının bütün sahələrində nəzərəçarpacaq uğurlar əldə olunmuş, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş bir çox infrastruktur layihələri, abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
İclasda, həmçinin birinci rübdə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində görülən işlərdən söhbət açılmışdır. Əhalinin elektrik enerjisi, içməli su, təbii qaz, rabitə, nəqliyyat, yaşıllaşdırma, təmizlik və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edilmiş, xidmətin səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
Müzakirələrdə iştirak edən idarə-müəssisə rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri Sumqayıtın simasının gündən-günə dəyişdiyini əldə olunan nailiyyətləri Prezident İlham Əliyevin verdiyi göstəriş və tövsiyələrin layiqincə yerinə yetirilməsinin əyani sürətdə sübutu olduğunu vurğulamışlar. Bu isə, natiqlərin söylədiyi kimi, sakinlərdə Azərbaycan dövlətinə və onun rəhbərinə sonsuz rəğbət və səmimi məhəbbət yaratmışdır.
Sonda iclasın iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.