REGİONLAR
Sumqayıtda “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda III respublika elmi konfransı keçirilib
Sumqayıt, 15 dekabr, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) dekabrın 15-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda III respublika elmi konfransı keçirilib.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, konfrans Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu və universitetin birgə təşkilatçılığı ilə reallaşıb.
Konfransı açıq elan edən universitetin elm və innovasiyalar üzrə prorektoru Ramazan Məmmədov bildirib ki, ölkəmizdəki siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, beynəlxalq birliyə və Qərb iqtisadiyyatına inteqrasiya, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, mütərəqqi təcrübənin mənimsənilməsi Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində də uğurlu addımlar atmasına geniş imkanlar yaradıb. O, ümummilli lider Heydər Əliyevin daim informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirdiyini və bu sahədə inkişafa nail olmaq üçün böyük səylər göstərdiyini vurğulayıb. Qeyd edilib ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiya nəticəsində ölkəmiz inkişaf dinamikasına görə dünya ölkələri sırasında öndə gedir, təbii sərvətlərdən yüksək texnologiyalara aparan iqtisadiyyatın formalaşması siyasəti öz bəhrələrini verməkdədir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayır.
Tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyevin “Yaşıl iqtisadiyyatın formalaşmasında İKT-nin rolu: problemlər, perspektivlər”, Bakı Dövlət Universitetinin idarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri Məmməd Yaqubovun “Optimal idarəetmə nəzəriyyəsinin inkişaf tarixi və aktual problemləri” mövzularında məruzələri dinlənilib.
Sonra bölmə iclaslarında mövzu üzrə müzakirələr aparılıb.
Konfransa təqdim olunan 36 elmi müəssisədən 275 tezis materiallar toplusu şəklində nəşr olunaraq iştirakçılara paylanılıb.