Sumqayıtda şəhidin xatirə barelyefi açılıb
Sumqayıt, 9 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 9-da Sumqayıtın Corat qəsəbəsində 44 günlük Vətən müharibəsində şəhid olan Cəbrayıl Dövlətzadənin barelyefi açılıb.
AZƏRTAC xəbər verir ki, karantin rejimi qaydalarına uyğun keçirilən mərasimdə şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, hərbçilər iştirak ediblər. Tədbirdə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.
Bildirilib ki, əsgər Cəbrayıl Dövlətzadə Sumqayıtda doğulub. 19 yaşında idi. Murovda strateji əhəmiyyətə malik yüksəkliyin alınması tapşırığı verilmişdi. Sentyabrın 28-də əks-hücum əməliyyatında 11 zabitlə birlikdə komanda məntəqəsi uğrunda döyüşdə əsgər Cəbrayıl Dövlətzadə də vardı. Bir neçə saat çəkən həmin döyüşdə əllərindən gələni etmişdilər. İrəlidə erməni generalı və polkovnikini öldürüb ürəyində alovlanan qisasını almaq imkanı vardı. O, bu fürsəti əldən verə bilməzdi. Zabit yoldaşlarına “Siz gəlməyin, yolunuzu gözləyəniniz var. Subayam, mən gedəcəyəm”, - deyərək irəli atılıb, düşmənlə əlbəyaxa döyüşə girərək erməni generalını və polkovnikini boğaraq öldürüb. Elə oradaca qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb.
Cəbrayıl Dövlətzadə İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!