SİYASƏT
Sumqayıtın 17-ci mikrorayonu nümunəvi yaşayış massivinə çevrilmişdir
Sumqayıt, 30 may (AZƏRTAC). Sumqayıt rəhbərliyinin şəhər sakinləri ilə “açıq mikrofon” formatında növbəti görüşü şəhərin 17-ci mikrorayonunda olmuşdur. Mərkəzdən uzaq bu yaşayış massivinin siması tamamilə dəyişmişdir. Şəhərin yaşayış massivlərinin abadlaşdırılması proqramı çərçivəsində Sumqayıtda nümunəvi yaşayış massivləri şəbəkəsi genişlənir. AZƏRTAC xəbər verir ki, bu dərəcədə irimiqyaslı işlər ilk dəfə bütöv bir mikrorayonu əhatə etmişdir. Şəhərin nümunəvi məhəllələrin siyahısı nümunəvi mikrorayon hesabına artmışdır.
Mikrorayona aparan və həyətləri əlaqələndirən yollara asfalt döşənmiş, uşaq meydançaları yaradılmış, stolüstü oyunlar üçün köşklər inşa edilmiş, xeyir-şər mərasimlərinin keçirilməsi üçün 16 tikili təmir olunmuşdur. Şəxsi avtomobillər üçün qarajlara əl gəzdirilmiş, müasir küçə fənərləri və skamyalar qoyulmuş, yaşıllaşdırma işləri aparılmışdır. Ötən ilin dekabrında şəhərin 17-ci mikrorayonunda dövlətimizin başçısının iştirakı ilə Olimpiya kompleksi istifadəyə verilmişdir. Bundan əlavə, həyətlərdə süni örtüklü futbol meydanları, voleybol və basketbol meydançaları inşa edilmiş, yaşayış evlərinin fasadı bərpa edilmişdir.
Mikrorayonun gözəl və abad həyətlərindən birində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sakinlərlə görüşü olmuşdur. İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin tapşırığı ilə Sumqayıtda həyata keçirilən layihələrdən söz açaraq, şəhərin inkişaf və abadlaşdırılması perspektivləri barədə məlumat vermişdir. Üç parkın yenidən qurulması intensiv davam etdirilir. Cümə məscidinin minarəsinin inşası və məscidin əsaslı təmiri başa çatmaq üzrədir. Cənubi Qafqazda nadir və müasir kanalizasiya sistemi inşa olunur. Onun sayəsində çirkab suların Xəzərə axıdılmasının qarşısı alınacaqdır.
17-ci mikrorayonun sakinləri şəhərin rəhbəri ilə dialoqa fəal qoşulmuşlar. Şəhərdə qısa müddətdə görülmüş böyük işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış minnətdarlıq dolu sözlərlə yanaşı, konkret təklif və tövsiyələr səslənmişdir. İnsanlar tam səmimiyyətlə vaxtı çatmış problemlərdən danışmış, aktual məsələlər qaldırmış, şəhər xidmətlərinin başısoyuq rəhbərlərini cəsarətlə tənqid etmişlər.
Görüşdə şəhər strukturlarının və xidmətlərinin rəhbərlərinin iştirakı sakinlərin qaldırdıqları bir sıra məsələlərin operativ həllini təmin etmişdir.
E.Əzizov demişdir: “Biz dövlətimizin başçısı İlham Əliyevin tapşırığını layiqincə yerinə yetirmək üçün var gücümüzlə çalışmaq əzmindəyik. Sumqayıt keyfiyyətcə yeni səviyyəyə çıxmalı, paytaxt standartlarına yaxınlaşmalı, müasir sənaye mərkəzinə çevrilməlidir”.
Qeyd edək ki, Sumqayıtda yaşayış massivlərinin abadlaşdırılması üzrə mərhələli iş aparılır. Növbəti nümunəvi yaşayış massivinin ünvanı 12-ci mikrorayondur.