SUMQAYITLILAR GƏNCLƏR GÜNÜNÜ QEYD ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıt, həqiqətən, gənclər şəhəridir. Statistikaya görə, şəhər əhalisinin 70 faizi uşaqlar, məktəblilər və gənclərdir.
“Bahar” restoranında respublikamızda Gənclər gününün təsis edilməsinin 10-cu ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilmişdir.
Tədbir ümummilli liderimiz Heydər Əliyevin Gənclər gününün təsis edilməsi haqqında 1997-ci ildə imzaladığı Fərmanın oxunması ilə başlandı. Sürəkli alqışlar tədbir iştirakçılarının ulu öndərimizə hörmət və ehtiramının parlaq nümayişi idi.
Gecənin aparıcıları müstəqillik qazanıldıqdan sonra respublikamızda gənclər hərəkatının təşəkkülü və inkişafı haqqında xronoloji ardıcıllıqla danışmışlar.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev oğlan və qızları Gənclər günü münasibətilə təbrik edərək, gənclər qurumlarının təşəkkülündə, 1997-ci ildə Gənclər və İdman Nazirliyinin, habelə Milli Olimpiya Komitəsinin yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu vurğulamışdır.
Sonra V.Əliyev idman sahəsində və gənclər hərəkatının digər sahələrində, habelə Sumqayıtda qazanılan nailiyyətlərdən danışmışdır. O vurğulamışdır ki, bütün bunlar dahi liderimizin yolunun layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasəti sayəsində mümkün olmuşdur.
Gecədə aktyorlar, vokalçılar, habelə şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin, digər bədii özfəaliyyət kollektivlərinin üzvləri çıxış etmişlər.
Sonda 15 nominasiyanın, o cümlədən ən yaxşı rəssam, ən yaxşı jurnalist, ən yaxşı müəllim, ən yaxşı bəstəkar və sairə nominasiyaların qaliblərinə mükafatlar verilmişdir. Şəhərin ən yaxşı idmançısı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov seçilmişdir. Bütün nominantlara diplomlar və hədiyyələr təqdim olunmuşdur.