SİYASƏT
SUMQAYITLILARA DÖVLƏT TƏLTİFLƏRİ TƏQDİM EDİLMİŞDİR
Sumqayıt, 10 dekabr (AZƏRTAC). Sumqayıtın 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, şəhər sakinlərinin böyük bir qrupu yüksək dövlət təltiflərinə və fəxri adlara layiq görülmüşdür. Təltifetmə mərasimi şəhər icra hakimiyyətinin akt zalında keçirilmişdir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev təltif edilənləri onların həyatında bu əlamətdar hadisə münasibətilə dövlət başçısının adından təbrik etmişdir. Şəhərin rəhbəri bildirmişdir ki, başa çatmaqda olan il maraqlı və rəngarəng tədbirlərlə zəngin olmuşdur. Şəhərin yubileyinin bayram edilməsi haqqında respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə hələ aprel ayında yubiley tədbirlərinə start verilmişdir. Bu gün Sumqayıt ölkənin intensiv inkişaf etməkdə olan regionlarından biridir.
Qeyd edilmişdir ki, Sumqayıtın 65 sakininin dövlət təltiflərinə və fəxri adlara layiq görülməsi dövlətimizin başçısının bu insanların xidmətlərinə və ölkənin inkişafında Sumqayıtın roluna böyük diqqətini nümayiş etdirir.
Təltifetmə mərasimində çıxış edənlər onların əməyinin yüksək qiymətləndirilməsinə görə ölkə Prezidentinə təşəkkürlərini bildirmişlər.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamı ilə Sumqayıtın inkişafında xüsusi xidmətlərinə görə 6 nəfər “Şöhrət” ordeninə, 41 nəfər “Tərəqqi” medalına, 13 nəfər fəxri adlara layiq görülmüşdür.