SİYASƏT
SURAXANI RAYONUNDA ULU ÖNDƏRİN XATİRƏSİ ƏZİZ TUTULUR
Bakı, 12 dekabr (AZƏRTAC). Suraxanı Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, Azərbaycan xalqının ümummilli liderı, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Heydər Əliyev parkında toplaşan rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar, təhsil, sənaye, səhiyyə və digər müəssisələrin kollektivlərinin, ictimaiyyətin nümayəndələri ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucalan abidəsini ziyarət etmiş və önünə tər güllər qoymuşlar.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmiş və iştirakçılar mərkəzlə tanış olmuşlar.
Məlumat verilmişdir ki, Heydər Əliyev 1970-84-cü illərdə və müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu zaman dəfələrlə Suraxanı rayonunda olmuşdur. Ulu öndər 1994-cü ildə Suraxanı rayonunda neftin sənaye üsulu ilə istehsalının 90 illiyi ilə əlaqədar keçirilən tədbirdə, 1997-ci ildə Suraxanı rayonunda yerləşən “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin 60 illiyinə və mərkəzin olimpiya qurğusunun açılışına həsr olunmuş mərasimdə, 1998-ci ildə şair Tofiq Bayramın büstünün və 1999-cu ildə Yeni Suraxanıda tikilmiş müxtəlif sosial obyektlərin açılışında, 2002-ci ildə 275 nömrəli orta ümumtəhsil məktəbində “Bilik günü”ndə iştirak etmişdir.
Bildirilmişdir ki, Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən tədqiqat qrupu ulu öndərin Suraxanı rayonuna gəlişi ilə bağlı materiallar toplayır və həmin materiallar multimedia studiyasında işlənərək, mərkəzin eksponatlarının zənginləşməsində istifadə olunur. Mərkəzin ikinci mərtəbəsinin baş divarında “Ulu öndər” əsəri yerləşdirilmişdir. Bu mərtəbədə, həmçinin mərkəzə gələnlərin ümummilli liderin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənməsi məqsədi ilə xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılmışdır. Burada ulu öndərin şəkilləri mövzular üzrə yerləşdirilmişdir. Üçüncü mərtəbədə fotoslaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir” mövzusunda elektron sərgi də nümayiş etdirilir. Bu mərtəbədə, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş audio-video sistemlə müşayiət edilən konfrans zalı - lektoriya fəaliyyət göstərir.
Tədbir iştirakçıları elektron auditoriyalarda mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz iradə”, “Xilaskar” və “Millət atası” filmlərinə baxmışlar. Mərkəzlə tanışlıqdan sonra üçüncü mərtəbədə elektron lektoriya zalında ədəbi-bədii kompozisiya göstərilmişdir. Ekranda ulu öndər Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən videogörüntülər nümayiş etdirilmiş, xalq artistləri Nurəddin Mehdixanlının, Laləzar Mustafayevanın, əməkdar artist Məsməxanım Aslanqızının, artist Fidan Axundovanın ifasında monoloqlar səslənmişdir.
######