Sürücülər son dərəcə diqqətli olmalıdırlar
Bakı, 8 fevral (AZƏRTAC). Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində hökm sürən qarlı-şaxtalı, çovğunlu hava şəraiti ilə əlaqədar və yollardakı vəziyyətlə bağlı növbəti dəfə sürücülərə müraciət etmişdir.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, belə hava şəraitini, yolların buzlu olmasını, avtomobillərin hərəkətinin çətinliyini nəzərə alaraq vətəndaşlar imkan daxilində fərdi avtomobillərdən az istifadə etsinlər. Sürücülər son dərəcə diqqətli olmalıdırlar. Magistral yollarda avtomobillərin hərəkətində çətinliklər yaranmışdır. Lakin əksər yollarda avtomobillərin hərəkəti mümkündür. Ağsu aşırımında da avtomobillərin hərəkətində çətinliklər vardır. Çünki həmin ərazidə güclü çovğunla müşahidə olunan qar yağır. Amma həmin yollar intensiv təmizlənir. Ötən gündən yağmağa başlayan aramsız qar Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Qazax yollarında nəqliyyatın hərəkətində də problemlər yaratmışdır. Həmin istiqamətlərdə yolun hərəkət istiqamətində buzlaşma müşahidə olunduğundan nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranmışdır.
İdarədən onu da demişlər ki, təcrübəsi olmayan sürücülər ictimai nəqliyyatdan istifadə etsinlər. Bundan başqa, çovğun yol və magistrallarda görüntünü məhdudlaşdırdığından sürücülər son dərəcə diqqətli olmalı, sürət həddini mümkün dərəcədə aşağı salmalıdırlar. Buzlu yollarda zəncirdən, mövsümi qış təkərlərindən, eləcə də hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etməli, sürət həddinə və ara məsafəsinə xüsusi diqqət yetirməlidirlər.