REGİONLAR
Sürücülərə buzlaşma və duman səbəbindən Ağsu dolaylarından istifadə etməmək tövsiyə olunur
Ağsu, 14 mart, AZƏRTAC
Yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən axşamdan dolaylara yağan qarın hündürlüyü 5 santimetrə çatıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 saylı “Magistral yolların istismarı” MMC-nin 10 nəfərlik işçi qüvvəsi sübh tezdən 2 ədəd avtoqreyder və 2 ədəd duzsəpənin köməyi ilə dolaylarda təmizləmə işləri həyata keçirir. Günortaya yaxın 15 kilometrlik Ağsu dolaylarında, xüsusilə daha təhlükəli olan Bakı-Şamaxı-Yevlax magistral yolunun dolaylardan keçən 145-ci və 146-cı kilometrliyində yol qardan təmizlənib, avtomobillərin normal hərəkəti təmin olunub.
Lakin günün ikinci yarısında da qar yağmaqda davam edir. Bu gecə yolun buz bağlayacağı təhlükəsi yaranıb. MMC-nin mütəxəssisləri sürücülərə gecə Ağsu dolayları ilə hərəkət etməməyi məsləhət görürlər. Xüsusilə, dolaylar nasaz və köhnə şinli avtomobillər üçün daha çox təhlükəlidir. Dolaylardakı duman da sürücülər üçün ciddi təhlükə yaradır.