SÜRÜCÜLƏRIN NƏZƏRİNƏ
DİN Baş DYP İdarəsi Respublika ərazisində hava şəraitinin pisləşməsi - qar yağması, yolların buz bağlaması ilə əlaqədar nəqliyyat vasitələri sürücülərinə məsləhət bilir ki, imkan daxilində bu günlər avtonəqliyyat vasitələrindən az istifadə etsinlər. Bu mümkün olmadıqda mürəkkəb yol şəraiti nəzərə alınaraq, avtomobilin hərəkət sürəti yolda görünüş dairəsinə müvafiq seçilməli, yəni elə sürətlə hərəkət edilməlidir ki, idarə etdiyiniz avtomobili istədiyiniz anda saxlaya biləsiniz. Bu səbəbdən avtomobili sürətlər qutusunun ikinci ötürməsində idarə etmək məsləhətdir.
Bununla yanaşı avtomobilin faralarının yaxın işıqları yandırılmalı, şinlərdə hava təzyiqi normadan 0,5 vahid aşağı salınmalıdır. Buz bağlamış yollarda şinlərin naxışlarının (protektorunun) hündürlüyü 2 mm-dən az olan avtomobilləri sürüşməyə qarşı zəncirsiz istismar etmək təhlükəlidir. Avtomobil sürüşərsə arxa təkərləri aparıcı olan (Volqa, VAZ-21011, 2106, 2107) avtomobillərdə sükanı sürüşmə istiqamətində döndərərək, qabaq təkərləri aparıcı olan (VAZ-2108, 2109, 2110) avtomobillərdə isə sükanı hərəkət hissəsi istiqamətində saxlamaqla tormozlama aparmadan idarə etmək lazımdır. Yol ayrıclarına yaxınlaşarkən “tıxac” yarandığını müşahidə etdikdə hərəkətin başqa marşrut ilə davam etdirilməsi məqsədə müvafiqdir.
Əlavə olaraq bildiririk ki, hava şəraitinin daha mürəkkəb olması nəzərə alınaraq Quba, Şamaxı və İsmayıllı rayonları istiqamətində səfərlərinizi məhdudlaşdırasınız.
Dövlət Yol Polisi sizə təhlükəsiz yol arzulayır.